Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Vətəndaşlarla görüşün ən səmərəli forması olan səyyar-qəbulların keçirilməsi Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir. Rayonumuzun icra başçısının növbəti belə görüşü noyabrın 17-də cari ayda vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi-20-də baş tutdu. Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, rayon icra hakimiyyəti başçısının Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov da iştrak etdilər. Görüşdə Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru Lətafət Qasımova Binəqədi rayon 2 saylı ETK-də fəaliyyət göstərən məktəbin bir hissəsinin yerləşdiyi binanın şəraitsiz olması haqqında məlumat verdi. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə məlumat verildiyi və məsələnin həllinə çalışılacağı vətəndaşın diqqətinə çatdırıldı. Quliyev Ramin Xəlil oğlu vaxtı keçmiş məcburi köçkün vəsiqəsinin yenisi ilə əvəzlənməsi üçün köməklik istədi. Vətəndaşa bildirildi ki, lazımi sənədlərlər və ərizə ilə rayon icra hakimiyyəti aparatına müraciəti əsasında ona köməklik olunacaq. Səfərov Rahil Gima oğlu Vətən müharibəsi iştirakçısı olan oğlunun işlə təmin olunması üçün müraciətinə cavab olaraq bildirildi ki, lazımi sənədlərləri və ərizəni rayon icra hakimiyyəti aparatına göndərdikdən sonra məsələnin həllinə köməklik ediləcək. Təqaüdçü Nağıyeva Roza İbrahim qızı adına şəxsi mənzil olduğu üçün vahid aylıq müavinətin kəsildiyini dedi. Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli qərarına əsasən, onun vahid aylıq müavinətinin bərpa olunmasının imkan xaricində olduğu izah edildi. Nağıyeva Günay Eldar qızı Binəqədi rayonunda Mədəni-Maarif Texnikumunun yataqxanasında məskunaşdığını bildirərək evlə təmin olunmasına köməklik istədi. Günay Nağıyevaya ərizə və lazımi sənədlərlə müraciəti əsasında Dövlətqaçqınkoma rayon icra hakimiyyəti aparatı tərəfindən müraciət olunacağı bildirildi. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapdı.